Rusiya-Ukrayna müharibəsindən sonra Avropa silahlanmağı sürətləndirib. Baş ofisi Stokholmda yerləşən Beynəlxalq Sülh Araşdırmaları İnstitutu (SIPRI) müstəqil araşdırma təşkilatı tərəfindən dərc edilən hesabatda Avropanın son beş ildə rekord sürətlə silahlandığı ortaya çıxıb. Hesabata görə, qlobal hərbi xərclər 2022-ci ildə 3,7 faiz artaraq bütün zamanların ən yüksək səviyyəsinə - 2,24 trilyon dollara çatıb.
İlk dəfə olaraq Avropanın 345 milyard dollarlıq hərbi xərcləri 1989-cu ildə soyuq müharibənin sonundakı hərbi xərcləri üstələyib. Avropada Finlandiyanın hərbi xərcləri 36 faiz, Litvanın hərbi xərcləri 27 faiz, İsveçin hərbi xərcləri 12 faiz, Polşanın hərbi xərcləri 11 faiz artıb. SPRI-nin məlumatlarına görə, ABŞ-ın hərbi xərcləri 0,7 faiz artaraq 877 milyard dollara çatıb. Qlobal hərbi xərclərin 39 faizini təşkil edən ABŞ bu kontekstdə birinci yerdədir.
Ötən il NATO ölkələrinin müdafiə xərcləri əvvəlki illə müqayisədə artaraq 1,17 trilyon dollara çatıb. NATO-nun Baş katibi Yens Stoltenberqin 2022-ci il üzrə İllik Hesabatına görə, 7 üzv NATO-nun ÜDM-in ən azı 2 faizini müdafiəyə ayırmaq məqsədini yerinə yetirib. Bu ölkələr ABŞ, Yunanıstan, Litva, Polşa, Britaniya, Estoniya və Latviya olub. Cari qiymətlərlə ABŞ-ın 2022-ci ildə müdafiə xərcləri 821 milyard dollar olarkən onu 67,7 milyard dollarla Britaniya, 60,9 milyard dollarla Almaniya, 52,4 milyard dollarla Fransa, 30,4 milyard dollarla İtaliya və 28,1 molyard dollarla Kanada izləyib.
Digər müttəfiqlər arasında Polşa 17,1 milyard dollar, Niderland 15,6 milyard dollar, İspaniya 14,9 milyard dollar və Norveç 8,4 milyard dollar xərcləyib. Ötən mart ayında hesabatı tanıtmaq üçün keçirilən mətbuat konfransında danışan Baş katib Stoltenberq Avropa və Kanadada müdafiə xərclərinin ardıcıl 8-ci ildir artdığını bildirib. Bir çox NATO ölkəsinin Rusiyanın Ukraynaya hücumundan sonra xərcləri əhəmiyyətli dərəcədə artırmağı öhdəsinə götürdüyünü xatırladan Stoltenberq bildirib ki, indi bu sözləri real pula, müqavilələrə və maddi materiallara çevirməyin vaxtıdır.
“Biz daha çox, daha sürətli çalışmalıyıq. İyulda Vilnüsdə keçiriləcək sammitimizdə mən gözləyirəm ki, müttəfiqlər daha iddialı yeni müdafiə sərmayəsi öhdəliyinə razı olacaqlar. Bir şərtlə ki, ÜDM-in ən azı 2 faizi müdafiəmizə sərmayə qoyulsun. Bu yeni və daha mübahisəli dünyada təhlükəsizliyimizə zəmanət verildiyini düşünə bilmərik”, - deyə Stoltenberq qeyd edib.
ABŞ müdafiəyə ayırdığı büdcə ilə dünyada birinci yerdədir
ABŞ müdafiəyə ayırdığı büdcəyə görə dünyada birinci yerdədir. ABŞ Prezidenti Co Bayden dövrü də bu büdcənin rekord qırdığı dövr olub. 2023-cü ildə ABŞ müdafiə büdcəsini əvvəlki ilə nisbətən 45 milyard dollar artıraraq rekord həddə - 858 milyard dollara çatdırıb. Mart ayında ABŞ 2024-cü il müdafiə xərcləri üçün 886 milyard dollarlıq büdcə layihəsini konqresə təqdim edib.
Co Bayden administrasiyasının hazırladığı büdcə layihəsi qəbul olunarsa, bu, sülh dövründə və ya dolayı yolla da olsa ölkənin heç bir müharibəyə qatılmadığı bir dövrdə müdafiə xərclərinə xərclənəcək ən yüksək məbləğ olacaq. “Deutsche Welle”yə görə, qanun layihəsi 842 milyard dolların Müdafiə Nazirliyinə (Pentaqon), 44 milyard dolların isə müdafiə ilə bağlı layihələrə xərclənməsini nəzərdə tutur.
Böyük Britaniyadan 5 milyard funt sterlinqlik müdafiə büdcəsi
Böyük Britaniya da müdafiə xərclərini artırmaq qərarına gəlib. Britaniya Baş naziri Rişi Sunak “Rusiya və Çindən gələn təhdidləri” əsas gətirərək, 2024-2025-ci illəri əhatə edən 5 milyard funt sterlinqlik müdafiə büdcəsinin Müdafiə Nazirliyinə ayrılacağını açıqlayıb.
Rusiyanın Ukraynanı işğal etməsinin enerji və ərzaq qiymətlərini artırması ilə qlobal böhranın təsirlərinin çox açıq şəkildə müşahidə edildiyini deyən Sunak bildirib: “İqtisadi təhlükəsizlikdən tutmuş texnologiya təchizat zəncirlərinə və kəşfiyyat təcrübəsinə qədər milli müdafiəmizi gücləndirəcəyik ki, bir daha düşmən bir gücün hərəkətlərinə qarşı müdafiəsiz qalmayaq”.
Böyük Britaniya Baş nazirinin ofisindən verilən açıqlamada isə qeyd olunub: “Növbəti iki il ərzində əsas sursat ehtiyatlarının artırılması və dəstəklənməsi, Böyük Britaniyanın nüvə təşəbbüsünün modernləşdirilməsi və AUKUS sualtı proqramının növbəti mərhələsinin maliyyələşdirilməsi üçün Müdafiə Nazirliyinə əlavə 5 milyard funt sterlinq veriləcək”.
Almaniya müdafiə xərcləri üçün xüsusi fond yaradıb
1999-cu ildən bəri Almaniya müdafiə sənayesi büdcəsini həmişə ÜDM-in (Ümumi Daxili Məhsul) 1 faizində və ya yuxarıda saxlayıb. Bu səbəbdən ABŞ və digər NATO müttəfiqləri tərəfindən tənqid edilib. Almaniya Rusiya-Ukrayna müharibəsi ilə anti-müharibə siyasətinə son qoyub. Baş nazir Olaf Şolts müdafiə xərcləri üçün 100 milyard avroluq xüsusi bir fond qurduqlarını, bu vəsaiti lazımi investisiyalar və silahlanma layihələrində istifadə edəcəklərini bildirib.
Görülən tədbirlərin azadlıq və demokratiyanın qorunması üçün olduğunu bildirən Şolts qeyd edib: “Ölkəmizin təhlükəsizliyinə əhəmiyyətli dərəcədə daha çox sərmayə qoymalı olacağıq. Bu, böyük bir milli səydir”. Şolts Almaniyanın hər il ümumi milli məhsulunun 2 faizindən çoxunu müdafiəyə ayıracağını açıqlayıb. Rusiya-Ukrayna müharibəsi ilə Almaniyada siyasətin gündəmi müharibə və ordu strategiyalarına çevrilib.
2022-ci ilin dekabrında Almaniyanın müdafiə naziri Kristina Lambrext F-35 tipli döyüş təyyarələrinin alınması üçün müqavilə imzalandığını açıqlayıb. Lambrext bildirib: “Biz çox vacib bir qərara doğru daha bir addım atdıq. Müqavilələr imzalandı. Söhbət “Tornado” döyüş təyyarələrini əvəz etmək üçün F-35-lərin alınmasından gedir”.
Bundestaqın büdcə komissiyasının Almaniya ordusu üçün 13 milyard avroluq büdcəni təsdiqlədiyini bildirən Lambrext bununla radio, qarda hərəkət üçün hərbi vasitələr və piyada tüfənglərinin alınacağını əlavə edib. Almaniyada aparılan hərtərəfli islahatlar milyardlarla avroluq yeni silah alışını tələb edir. “Gdh defence”nin xəbərinə görə, Almaniya bu il müdafiə alışlarına 8,5 milyard avro xərcləyəcək. Bu məbləğin demək olar ki, 60 faizi Almaniya Hərbi Hava Qüvvələri (Luftwaffe) üçün ayrılacaq. Bu, 3,4 milyard avroya bərabərdir.
Fransa müdafiə büdcəsini artırmağı planlayır
Fransa Rusiyanın Ukraynaya müdaxiləsindən sonra müdafiə xərclərini əhəmiyyətli dərəcədə artırmağı planlaşdıran ölkələr sırasındadır. Fransa Prezidenti Emmanuel Makron 2024-cü ildən etibarən 6 illik dövr üçün 413 milyard avroluq hərbi xərc planı olduğunu açıqlayıb. Nüvə enerjisinə malik ölkəsində ordunun modernləşdirilməsi ilə bağlı fikirlərini ifadə edən Prezident Makron deyir ki, bu kütləvi artım Fransanın “azadlığını, təhlükəsizliyini, rifahını və dünyada yerini” təmin etmək üçün nəzərdə tutulub.
“Fransa əsrin çağırışlarına hazır ordulara sahibdir və sahib olacaq” açıqlamasını verən Makron yeni büdcəni Rusiyanın Ukraynaya müdaxiləsindən sonra daha da aktuallaşan yüksək intensivlikli münaqişə ehtimalına ordunun uyğunlaşdırılması üçün “transformasiya” proqramı kimi xarakterizə edir.
Layihə çərçivəsində kəşfiyyat xərclərinin 60 faiz artırılacağını vurğulayan Fransa müdafiə naziri Sebastian Lekornu da layihənin mayın ortalarında Baş Assambleyada müzakirəyə çıxarılacağını açıqlayıb. Polşa da müdafiə xərclərini artırır. Bu il ümumi daxili məhsulun 4 faizinin müdafiəyə ayrılacağını deyən Polşa Baş naziri Mateuş Moravietski Polşanın Avropanın ən güclü ordusunu qurmağı hədəflədiyini açıqlayır.
İsveç və onun qonşusu Danimarka da müdafiəni gücləndirmək adı altında silahlanmalarını sürətləndirir. NATO-ya üzv olması rəsmən təsdiqlənən Finlandiyanın hərbi xərcləri də rekord səviyyədə artır. Rusiya-Ukrayna müharibəsi ilə müharibənin Avropaya sıçrayacağı qorxusu Avropa ölkələrini rekord dərəcədə müdafiə xərcləri etməyə sövq edir.
Avropa ölkələrinin Kiyevə verdiyi hərbi dəstək də öz ordularının ehtiyatlarının sürətlə tükənməsinə səbəb olur. Avropa Ukraynaya dəstəyini davam etdirməklə yanaşı, həm də öz gələcəyini planlaşdırmalıdır.
Firuz Bağırov
Ordu.az